Xəzər rayonunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib
Xəzər rayonunda 27 sentyabr- Anım günü ilə bağlı tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatın əməkdaşları, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, din xadimləri, idarə və müəssisə rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, ictimai birliklərin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xəzər RİH başçısı Elşən Salahov çıxış edərək bildirib ki, təcavüzkar Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinə və növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə apardığı Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın milli birliyinin və həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığının, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətinin, qətiyyətli siyasi iradəsinin və uğurlu diplomatiyasının məntiqi nəticəsi olub.
Başçı qeyd edib ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər daim diqqət və qayğı ilə əhatə olunur, onların müraciətləri və qarşılaşdıqları problemlər həssaslıqla araşdırılır, sosial rifahlarının yaxşılaşdırılması və gündəlik qayğılarının həlli istiqamətində zəruri tədbirlər davamlı olaraq həyata keçirilir.
Tədbirdə çıxış edən Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının keçdiyi şərəfli döyüş yolundan, onların əziz xatirəsinin daim uca tutulmasından, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıb. Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə xanım Məcidova və şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov çıxış edərək Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinə, eləcə də müharibə iştirakçıları və qazilərə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub.