Bakı və Abşeronda yaşıllaşdırmada istifadə olunan ağacların karbon udma gücü müəyyən edildi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) “Dendroxronologiya” laboratoriyasının əməkdaşları "Memarlıq və Şəhərsalma İli" çərçivəsində Bakı və Abşeronun yaşıllaşdırılmasında əsas rol oynayan Cupressus sempervirens (Həmişəyaşıl sərv) və Pinus eldarica (Eldar şamı) ağaclarının karbon udma potensialını müəyyən ediblər.

Laboratoriyada ağacları kəsmədən, LINTAB 6 binokulyar mikroskopu və TSAP-Win proqram təminatı vasitəsilə illik halqaların eni mikron səviyyəsində ölçülüb.

Analizlərin əsas nəticələri:Pinus eldarica: Gənc və orta yaşlarında daha geniş illik halqalar formalaşdıraraq sürətlə biokütlə toplayır və atmosferdən qısa müddətdə maksimum miqdarda CO₂-udur. Cupressus sempervirens: İllik halqa artımı daha kompakt və nizamlıdır.

Bu sabitlik onun quraqlıq və güclü şəhər küləklərində belə karbon udma funksiyasını dayandırmadığını və karbonu yüz illərlə gövdəsində saxladığını sübut edir.

Laboratoriyanın əməkdaşları bildirir ki, urbanistik karbon emissiyalarının minimallaşdırılması və şəhər ekosistemlərində karbon sekvestrasiyasının artırılması üçün parkların salınması və landşaft dizaynı zamanı ağacların bu illik halqa göstəriciləri mütləq nəzərə alınmalıdır.